Bayraq Muzeyi ziyarət olunub

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin kollektivi muxtar respublikanın 100 illik yubileyi ilə əlaqədar Dövlət Bayrağı Muzeyini ziyarət edib. Ekskursiyada nazir səlahiyyətlərini müvəqqəti icra edən, nazir müavini Məcid Seyidov, nazirliyin və tabe təşkilatların əməkdaşları iştirak ediblər.   

Muzeylə tanışlıq zamanı iştirakçılara sözügedən məkanın yaranma tarixi və ekspozisiyası haqqında məlumat verilib.

Qeyd edək ki, burada tarixən Naxçıvan ərazisində mövcud olan dövlətlərin, eləcə də Naxçıvan xanlığının bərpa olmuş bayraqları, gerbləri və inzibati xəritələri,  döyüşçü libasları, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, qədim pul nişanlarının fotoşəkilləri nümayiş olunur. Azərbaycan Xalq Cümhuriyyəti dövründə təsis edilən üçrəngli bayrağımız ikinci dəfə ümummilli lider Heydər Əliyev tərəfindən 1990-cı il noyabrın 17-də Naxçıvanda qaldırılıb. Muzeydə həmin illərdə qəbul olunan tarixi qərarlar, Azərbaycan Respublikasının Dövlət Bayrağı və digər dövlət atributları haqqında ətraflı məlumatlar yerləşdirilib.

 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti